Azərbaycan Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən olacaq

Azərbaycan Avropaya yaşıl enerjinin əsas tədarükçülərindən olacaq

Bu gündən Azərbaycanın liderliyi ilə unikal əməkdaşlıq formatı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində yeni bir dövr başlayır.

“APA-Economics” xəbər verir ki, bununla bağlı Azərbaycanın energetika nazirinin müşaviri Zəminə Əliyeva paylaşım edib.

”Enerji təchizatının təbii qazla yanaşı yaşıl enerji ilə şaxələndirilməsinin aktuallaşması və Azərbaycanın hər iki enerji növünün tədarükçüsü olmaqla bağlı strateji kursu Məşvərət Şurasının da missiyasını şaxələndirir. İlk dəfə olaraq bu platformada “Yaşıl Enerji” Məşvərət Şurası fəaliyyətə başlayır”, - paylaşımda bildirilir.

Zəminə Əliyeva qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası Avropa İttifaqı, çoxsaylı ölkə, enerji şirkətləri və maliyyə qurumunun iştirakı ilə gerçəkləşəcək. İştirakçıların yüksək səviyyəli tərkibi, enerji təhlükəsizliyi və enerji keçidi məsələlərinə bərabər yanaşma, Azərbaycan-Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerji tərəfdaşlığı üzrə birgə fəaliyyətinə bu platformadan start verilməsi, Energetika Nazirliyinin xarici enerji şirkətindən biri ilə yeni layihələrə imza atması Azərbaycanın regional və Avropa miqyasında enerji təhlükəsizliyinə yeni elementlər gətirməsinin təsdiqidir.

“Azərbaycan Avropanın enerji təchizatının mənbə və marşrutlarla diversifikasiyasının yeni xəritəsini və yeni planını tərtib edir. Ölkəmiz Avropaya təbii qazla yanaşı irəlidə yaşıl enerji və hidrogenin də əsas tədarükçülərindən biri olacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yaşıl Enerji Dəhlizinin yaradılması enerji siyasətimizin başlıca prioriteti, Məşvərət Şurasında iclasların da əsas müzakirə mövzusudur”, - Zəminə Əliyeva vurğulayıb.

oxumaq: 1